Arzularla, ümidlərlə yaşayan müğənni
Rəşid Behbudov
məktəbinin yetirmələri
İllər gəlib keçir, zaman ötür, biz yaşa doluruq. Həyata yeni insanlar gəlir, nəsillər bir-birini əvəz edir. Bu insanların çoxunun ömrü bir-birinə bənzəyir. Lakin onların arasında elə insanlar da var ki, uşaqlıqdan öz qabiliyyəti ilə seçilir, hamını heyran edir, coşğun həvəslə həyatda çalışır, böyük arzularla yaşayırlar. Həmin sıradan olan sənətkarlardan biri mehriban, səmimi insanlığı, məlahətli səsi ilə ürəklərə təsir edən, artıq ömrünün 60-cı ilinə yetişən, bütün həyatını musiqi aləmində yaşayan Səttar Nəsirovdur.
Səttar dünyaya gözünü açandan, ana laylasını eşidən çağlardan başlayaraq uşaqlıq illərindən qəlbində musiqi duyğuları baş qaldırıb, böy atdıqca özünün zümzümələri və oxuları ilə hamının diqqətini cəlb edib. İllər ötüb keçdikcə Səttar müğənni kimi tanınıb.Bu günlərdə Səttar Nəsirov ilə görüşüb söhbət etdim. İndi həmin müsahibəyə-diktofondakı lent yazısına qulaq asıram.
-Sizin sənətə gəlişiniz necə olub?
-1953-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşam.Hələ orta məktəbin şagirdi olanda, 14-15 yaşlarımdan oxumağa başlamışam. Səsim olduğu üçün ilk dəfə İmişlidə “Araz” ansamblında oxumuşam. Tofiq Quliyevin “Ögey ana” kino-filmindən İsmayılın “Quşlar”, Şəfiqə Axundovanın “Dağlar oğlu” və digər mahnıları ifa etmişəm.
Orta məktəbi bitirəndən sonra Bakıya gəlib 1972- ci ildə A. Zeynallı adına Bakı Musiqi Məktəbinə (indi Azərbacan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) sənədlərimi verdim. İmtahan zamanı məşhur ustad tarzən və pedaqoq Əhməd Bakıxanov ifamı çox bəyəndi və məktəbin muğam ifaçılığı şöbəsinə qəbul olundum. Bu məktəbdə korifey sənətkar Xan Şuşinskinin sinifində oxudum, mahir, ustad xanəndədən dərs aldım, xalq mahnıları və muğamlarımızın sirlərinə dərindən bələd oldum. Xan Şuşunskinin sinifində cəmi dörd nəfər- iki oğlan və iki qız təhsil alırdıq. Xan əmi dərsləri öz evində keçirdi. Bizə böyük atalıq qayğısı göstərirdi, çox utansaq da evində bizə yemək, qoz mürəbbəsi ilə çay verirdi. Həmişə məsləhət verirdi ki, özünüzü soyuqdan qoruyun, boğazınızı, bədəninizi isti saxlayın. Deyirdi ki, oxuyanda gərək yandırasan, yəni yanıqlı oxuyasan...
Dərslər zamanı öncə xalq mahnılarını- “Şuşa ceyranı”, “Apardı sellər Saranı”, “Ay dili-dili”, “Gözəllər” və digər xalq mahnılarımızı öyrəndim. Sonra da “Bayatı kürd”, “Şahnaz”, “Rahab”, Rast” və digər muğamları...
Təhsilimi davam etdirərək M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) musiqili komediya aktyorluğu və vokal fakültəsinə qəbul olundum.Ustad sənətkarlar-SSRİ xalq artisti Lütfiyar İmanov, xalq artisti Qulu Əsgərov və digər sənət xadimlərindən dərs alaraq instututu bitirdim. Sənət, musiqi aləminə yollandım.
-Siz 1979-1989-cu illərdə dünya şöhrətli müğənni Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrında çalışaraq tanınmağa başladınız. Həmin teatrın solisti, Rəşid Behbudov məktəbinin yetirmələrindən biri olaraq nə demək istərdiniz?
-Bəli, Rəşid Behbudovun rəhbərlik etdiyi teatrın tərkibində Azərbaycanın bütün bölgələrində, Sovetlər İttifaqının şəhərlərində, Ukrayna, Özbəkistan respublikalarında, bir çox xarici ölkələrdə, o cümlədən İsveçrə, İsveç, Almaniya, Hollandiya, Belçika, Fransa, İtaliya, İngiltərə, Əfqanıstan, Hindistan, Tunis, Mərakeş, Yəmən, Rumıniya, Polşa, Yuqoslaviya, Əlcəzair, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olmuşuq. Teatrın solisti olaraq həmin səfərlər zamanı konsertlərdə muğam və mahnılarımızı ifa etmişəm. O vaxt “Qal sənə qurban”, “Təki sən səslə məni” və bu kimi mahnılarla yanaşı, “Sehgah” təsnifləri, “Zabul” təsnifləri, Tofiq Quliyevin “Onu bağşılamaq olarmı?” filmindən mahnını, Şəfiqə Axundovanın “Mehriban olaq” və digər mahnıları oxumuşam...
1980-ci ildə Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyündə, 1982-ci ildə Pakistanda (7 gün əvəzinə 14 gün konsertlər verdik) uğurlu çıxışlarımıza görə bütün heyətimiz SSRİ və Azərbaycan Mədəniyyət nazirliklərinin fəxri fərmanlarına və pul mükafatlarına layiq görüldü. O vaxt “Pravda” qəzeti bizim konsertlər, ifaçılarımızın yüksək səviyyəli çıxışları haqqında yazmışdı. 1984-cü ildə isə teatrımızın Naxçıvanda konsertləri oldu. Mən və sənət dostlarım Naxçıvan MR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunduq.
Rəşid Behbudov böyük sənətkar idi. Öz məlahətli səsi, məharəti, ustalığı, şəxsiyyəti ilə bütün dünyanı heyran qoymuşdu. Teatrda özünün seçib bəyəndiyi, qəbul etdiyi solistlərə, ifaçılara qarşı çox tələbkarlıq edir və diqqət yetiridi. Məşqlər zamanı bizə sənətin incəliklərini dərindən öyrədir, milli dəyərlərimizi aşılayırdı. Fitri qabiliyyətə, yüksək zövqə, intellektual səviyyəyə malik bu sənətkarla bir səhnədə oxumaq, bir teatrda çalışmaq adama zövq verirdi. Onun bizə göstərdiyi atalıq qayğısı, ehtiramı, faydalı məsləhətləri və təlqin etdiyi ifaçılıq mədəniyyəti bir çox gənc ifaçılar kimi məni də əsl müğənni kimi yetişdirdi.
- Müğənnilik fəaliyyətinizdə hansı məqamları bir daha yada salmaq istərdiniz?
-Müğənni kimi həm də Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi tədbirlərdə, teatr günlərində fəal iştirakım olub. Azərbaycan Dövlət Akademik Milli Teatrında xalq yazıçısı Anarın “Sizi deyib gəlmişəm”, Sumqayıt teatrının bir sıra tamaşalarında, Anarın “Qəm pəncərəsi” filmində səs partiyalarını ifa etmişəm.1990-cı ildə Türkiyəyə dəvət alaraq tanınmış rejissor Yücəl Çaxmaqlının “Min elli Abdulla” iki hissəli bədii filmində azəri türkü roluna çəkilmişəm.
Xalq artisti İslam Rzayev, rejissor, əməkdar incəsənət xadimi Arif Qazıyev ilə Muğam Teatrının yaradılmasında mənim də iştirakım olub.Teatr fəaliyyətə başlayanda “Şur” muğamı dəstgahının bütün şöbələrini hazırlayıb səhnələşdirdik. Mən sənət dostlarım ilə birgə “Sehgah” muğamını ifa etdik.
Nə deyim, 31 ildir səhnədəyəm. Bu illər ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Muğam Teatrı və 1994-cü ildən indiyədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin solisti, ali dərəcəli tenor ifaçısı olaraq mədəni-kütləvi, dövlət tədbirlərində, cəbhə bölgələrindəki konsertlərdə fəal iştirak etmişəm. Həmin konsetlərdə xalq mahnı və təsniflərimzi yüksək profesionallıqla ifa etdiyimə görə tamaşaçıların və çalışdığım kollektivin dərin hörmətini qazanmışam.
-Yaradıcılığınızda, repertuarınızda hansı bəstəkarların əsərləri yer almışdır?
-Ötən illərdə müğənni kimi Azərbaycanın bütün bölgələrində el şənlikləri,məhsul bayramları,əmək meydanları, tarlalar, neft mədənlərində, ölkəmizin zəhmətkeşləri qarşısında bir-birindən uğulu çıxışlarım olub.Bu konsertlərdə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Qaragöz” mahnısını, Cahangir Cahangirovun “Etməzmidim” (sözləri Məhəmməd Füzuli), “Ay qız” ( Zeynal Cabbarzadə), “Zəriflik” (İslam Səfərli), “Koroğlu” filmindən Dəli Həsənin mahnısı, Səid Rüstəmovun “Bilmədim” (Tələt Əyyubov), Rauf Hacıyevin “Bakı haqqında mahnı” (Z.Cabbarzadə), Ramiz Mustafayevin “Elə bağlıyam” (Rəfiq Zəka Xəndan), Oqtay Kazıminin “Bəs nə deyim” (Ramiz Heydər), Bəhram Nəsibovun “Qal sənə qurban” (Miryusif Nəsirli), Nəriman Əzimovun “Döyünən qəlbim” (Yusif Əmirxanov) mahnılarını dəfələrlə ifa etmişəm və onlar repertuarımda möhkəm yer tuturlar. Hazırda Dövlət Televiziya və Radio Verilişləri QSC-nin fondunda 60-dan çox mahnım saxlanılır.
60 illik yubileyini qeyd etməyə hazırlaşan S.Nəsirov nümunəvi ailə başçısı, 4 övlad atasıdır. Həyatı boyu arzularla, ümidlərlə, insanların qəlbinə xoş duyğular bəxş etməklə yaşamış və yaşayır. Səttar bu gün də konsertlərdə, televiziya və radioda oxuduğu mahnı, təsnif və muğamlarla tamaşaçıların zövqünü oxşayır. Sənət yollarında ona uğurlar arzulayırıq.
A.SADIQOĞLU
Xalq qəzet.- 2013.- 9 iyun.- S. 6.